Sunday 21st October 2018,
RapRock.az
Xəbərlər

PRoMete bütün suallara cavab verdi!

PRoMete bütün suallara cavab verdi!

Salam Aleykum. Əvvəlcə onu demək istəyirəm ki, raprock.az Azərbaycanda həqiqətən işləyən və doğrudan da işi göz qabağında olan saytlardan biridir. Bilmirəm yerli nominasiyalardan nəsə qazanıb ya yox, onu deyə bilərəm ki, söhbət işə qalsa çox saytlardan öndədir və həqiqətən hörmətə layiqli bir iş göstərir. Bu səfər müsahib kimi mənim dəvət almam mənimçün də şərəf oldu. Təşəkkür edirəm.

Bu dəfə bu rubrika siz görməyə və ya cavab almağa öyrəşdiyinizdən fərqli olacaq. Mən sualları oxuya oxuya məktəb vaxtlarım yadıma düşdü. Azərbaycan dili və ədəbiyyat dərslərində bizə inşalar yazdıranda “plan qurmaq” və “plan üzrə yazmaq” öyrədərdilər. Dinləyicilərin əksəriyyətinin məktəb şagirdləri və universitet tələbələrinin olduğunu nəzərə alsaq, yəqin ki, onlar da bu plan məsələsini xatırlayırlar. Mən bax bu plan üzrə hərəkət etməyi qərara aldım. Odur ki, sizin sualların hamısını bir-bir oxuyub onları bir word documentə köçürdüb başlıqlar altına saldım. əksəriyyəti maraqlandıran şeylərin eyni olduğunu nəzərə alıb onların suallarını birləşdirərək əhatəli cavablayacağam. Ümidvaram ki, belə sizə də daha rahat olacaq. Odur ki, bu yazını axıra kimi oxuyaraq, sualınızın cavabını burada tapa biləcəksiniz.

Sualların cavabını şəxsən mən özüm verirəm. Mənim yerimə menecerim və ya komandamdan kimsə cavablandırmır.

PRoMete – Pərviz Ramiz Oğlu Mete deməkdir. Bu adın «Prometey»lə heç bir əlaqəsi yoxdur.

Dini baxışlarıma görə müsəlmanam.

Məktəb illərim üçün bəzən çox darıxıram. Lakin heç vaxt keçmiş barəsində peşmançılıq və “kaş ki,”-lərlə danışmıram. Bu mənim həyat tərzimə, dünya görüşümə ziddir. Türk liseyi məzunu deyiləm. Mən Sumqayıt Şəhər Təfəkkür Liseyini bitirmişəm. Məktəb vaxtından çox aktiv həyat tərzi keçirmişəm. Fənnlərdən qiymətlərim əksərən əla olub. Ancaq davranışdan kafilər məni hər zaman izləyərdi. Sözə baxan şagird deyildim. Deməzdim ki, bu tərbiyə ilə əlaqəli idi. Sadəcə dilimi dinc qoyaraq, bəzi şeylərlə razılaşa bilmirdim. Gün ərzində mənim kimi, 50-60 tələbə görən müəllim üçün mənə davranışdan iki yazmaq normal bir şey idi. Axı onlar hardan bilə-bilərdi ki, mən bir gün bu haqda ətraflı danışacam. Ancaq adamın üstündə Allahı var, bəzi müəllimlərim məndə istedadı gördüklərini elə məktəb vaxtı etiraf etmişdilər. Şeyir əzbərləyə bilmədiyim və yenilikçi olduğum üçün ədəbiyyatı heç sevməzdim. İndi isə ədəbiyyatın bir hissəsiyəm.

Yaşadığım ünvan, gəzdiyim küçələr, sevdiyim restoranlar, kafelər, parklar bunlar çox şəxsi şeylərdir. Sizin bilməniz gərəkən şeyləri aşağıdakı üç ünvanda ala bilərsiniz. http://pro-mete.comhttp://fb.com/mete.pro ; http://twitter.com/promete_host Şəxsi həyatımın detalları ilə bağlı danışmağı sevmirəm. Sadəcə onu deyim bilin ki, evliyəm və şükür Allaha ki, tam xoşbəxtəm. Toyumda kimin iştirak edib — kimin iştirak etməməsini mən seçirdim və həqiqətən dost və ya yaxın adlana biləcək insanların hamısı orda idi. Gəlməyənlər isə xarici ölkələrdə olan dostlarım idi. Bakıdan çağırılan hər kəs orda idi.

Ailə qurmağım yaradıcılığıma heç bir pis təsir göstərmir. əksinə deyərdim ki, akseleratorluq edir.

Sevgiyə aid olan bütün mahnılarımı bir kəsə yazıram. Günəşə. O mənim ilham və enerji mənbəyimdir. Münasibətlərimizin hər dövrü tracklərdə öz əksini tapıb. Notları da o danışdırır J

Digər mövzulu mətnlərimdə isə ilham qaynağım hadisələrin məhz özüdür. Əgər kimsə və ya nəsə məni qıcıqlandırırsa dərhal bunu mahnı ilə əks etdirirəm. Yox əgər nədənsə yazmıramsa demək ki, ya o hadisə mənə aid deyil ya da o hadisə məni başqalarını qıcıqlandırdığı kimi qıcıqlandırmır.

İlk albomum “14” ilə bağlı onu deyim ki, ümumiyyətlə mən həyatım boyu hadisələr və ya hadisələri sınamaq kimi bir inanca malik deyiləm. Buna baxmayaraq bizi izləyən bəzi şeylər var ki, bizim məntiqimiz onları dərk etməkçün bəzən aciz qalır. Mən düşünürəm ki, Allahın bizə yer üzərində işarələridir. Mənim həyatımda bu işarə 14 rəqəmidir. Uzun illərdir ki, mən bu rəqəmlə çox tez-tez rastlaşırdım. Ona görə albomun adını da 14 qoymağı qərara aldım.

İdmanla aram onunla məşğul olduğum qədərdir. Futbolu çoxdandır ki izləmirəm və vaxtı ilə Fənərbaxça və Bayer azarkeşi olmuşam. indi heç birindən xəbərim yoxdur. Ara-sıra girib youtube-da dünyada ən maraqlı qollara baxıram, amma onları kimin vurduğu maraqlı deyil. Bu arada onu da deyim ki, baxdığım vaxtlarda Michael Ballack və Roberto Carlos sevimli oyunçularım idi. Digər növlərdən isə, indiyə kimi vaxtım və ya imkanım olanda velosiped yarışlarını, formula bir yarışlarını və basketbolu izləməyə daha çox üstünlük verirəm.

Youtube-də rapperlərin kanallarından başqa subscribe olduğum və sevə-sevə izlədiyim kanal Guinnesin rekordlarıdır.

Repdən uzaqlaşmaq ağlımdan heç vaxt keçməyib. Sadəcə başqa janrlarda da nələrsə hiss edib o janrlarda yazmışam. Mənim texno janrında da bəstələrim var. Sadəcə bu auditoriya üçün deyil. Amma rok yazanda auditoriyaya çıxmasını məsləhət bilib çıxarırdım.

Ətrafımda çox çeşidli və əsasən hərtərəfli insanlar toplanıb. Odur ki, onların etdiyi tənqid məni inkişafa aparır. Amma doğrusu, mən işimin qiymətləndirilməsini — şəxsimin yox, işimin tərifini eşitməyi çox sevirəm. Məni maşın hesab etsək, işimə olan tərif bu maşının yanacağı sayıla bilər.

Konservativ fikirli insanlarla heç cür barışa bilmirəm. Lakin bəzən həyat mənə onların haqlı olduğunu göstərir. Radikal fikirlilik məncə səhv bir şeydir. İnsan özü-özünü də inkar etməyi bacarmalıdır. Əqli inqilab deyilən şeyi tez-tez etmək lazımdır. Hər şey qədərində gözəldir.

Azərbaycandan kənarda yaşamağı çox istəyirəm. Buranı sevməməyimlə əlaqəli deyil. Sadəcə bir yerə bağlı insan deyiləm.

Yalan danışmaq və ya yalan üzərində həyat qurmaq deyə bir şey ümumiyyətlə yoxdur. Fikrimcə həyat bir xalçadır.  Bu xalçanın naxışları yalanlar və doğrulardır. Biri olmasa digərinin olması hiss olunmaz.

Xoşbəxtlik biz onu istədiyimiz qədərdir. Nə qədər çox istəsək o qədər də çox olur. Sadəcə düzgün fikir cəmlənməsinə ehtiyac var. Xoşbəxt olmağımız üçün səbəblər doğrudan da çoxdur.

Sevgi bütün sualların cavabıdır. Qarşılıqlı və ya qarşılıqsız fərq etmir. Fərq edən həqiqi sevginin olub olmamasıdır. Nifrət isə onun əkiz tayıdır. Onlar bir-biri ilə məhv etmək mübarizəsi aparmırlar. Sadəcə mövcuddurlar və bu tam normal bir haldır.

Şəxsən mən çox məqsədyönlü adamam və qarşıma qoyduğum hər bir hədəfə çatmaq və çatıb bu hədəfi dəf etmək mənim həyat tərzimdir.

Notların danışmasını eşitmək çox gözəl hissdir. Onlar insanı mövcud sərhədlərdən və fiziki maneələrdən üstdə durmağa ruhlandırır. Heyfsləndiyim tək şey dünyada sərhədlərin olmasıdır. Hər halda düşünürəm ki, belə olmasında da bir hikmət vardır. Yoxsa dünya cəmiyyətinin “bir də başdan” yaransaydı necə olacağı barəsində utopik düşüncələrim olmazdı.

Mütaliə tək kitab oxumaq deyil. Düşünürəm ki, film izləmək və musiqi dinləmək də ən az kitab oxumaq qədər mütaliədir. Odur ki, hər kəsin inkişaf üçün daha çox vasitələri var. Hər hansı bir kitab və ya film məsləhət görməyimi yazan dinləyicilərə mənim yeni baxdığım və bəyəndiyim filmləri və oxumağa başlayacağım kitabın adını yazıram.

Film: Döyüşçü (warrior 2011)

Serial: Walking Dead

Kitab: Allahla Söhbət (Neale Donald Walsch)

 

Albomun üzərində birdən-birə bir neçə iş gedir. Dizayn, səs yazma, imic dəyişiklikləri, duetlər və kliplər. Məncə siz albomu dinləyərkən niyə bu qədər gecikdiyini anlayaraq haqq qazandıracaqsınız. Vaxtla bağlı hal hazırda ikinci dəfə nəsə dəqiq bir şey deyib yalançı çıxmaq istəmirəm. Bircə onu deyim ki, səbrli olun gözlədiyiniz albom gəlir. Məhz gözlədiyiniz gücdə və gözlədiyiniz ağırlıqda. İlk yüz albomun qiyməti barədə indidən bir şey deyə bilmərəm. Bu albomu alanların həzzi ilə internetdən yükləyənlərin həzzi biraz dəyişik olacaq. Albomu əlində tutacaq yüz nəfər mənim nə demək istədiyimi anlayacaqlar.

Tam rok janrında olmasa da, bu janra yaxın bir neçə track olacaq albomda.

Yerli musiqi leybllarına bələdəm. Amma iş görən çox azdır. Boş qazan kimi donquldanmaqdansa track yazıb albom çıxarsalar daha yaxşı olar.

Bu albomda yerli repin tarixi adları ilə duetlər var. Xarici ölkələrdən kimlərləsə feat isə olmayacaq.

Xatırladım ki, albom ep yox sp olacaq.

Mən reperlərdən çox feat təklifi alıram. Ancaq hal hazırda məni seçənlərlə yox, mən seçdiklərimlə duetlər edirəm. Eləcə də repdən kənar ifaçılarla.

Bu albomun digər albomdan əsas fərqi daha döyüşkən ruhlu olmasıdır.

Mən yaradıcılığımda heç bir trackimə görə peşman deyiləm. Səhvlərim çox olub. Səhvlərimdən öyrənirəm.

Mənə diss yazanlar əgər o dissdə dedikləri kimidirsə PicMus-un ünvanı bəllidir. Hər zaman diss yazanlarla üzbəüz görüşüb yanımda onların necə alçaq varlıq olmasını hiss etməsindən həzz almışam. Üzr istəmək onları yüksəldə bilər.

Yerli repper və beatmakerlərin hamısı mənə mən də onlara qarşılıqlı münasibət göstəririk. Nə artıq nə də əskik.

Deməliyəm ki, necə ki, dünyada eləcə də yerli repdə burnu fırtılıqlı körpələr çoxalıb. Mən yenə də hər kəsə qulaq asıram. Gözüm üstünüzdədir. 😉

Hesab edirəm ki, baxış sayı — izləmə sayı artıq heç də keyfiyyət göstəricisi deyildir. Üzdən iraqların baxış sayları youtube-də ifaçıların baxış sayından daha çoxdur. Bu da dediyimin əyani sübutudur.

Anar Nağılbazla çoxdan işləmək istəyirdim. Nəhayət ki etdim. J

Əgər yüksək bir vəzifədə olsaydım mütləq musiqiyə dair hansısa maraqlı islahat keçirib gəncləri sevindirərdim. PicMusda belə şeyləri tez-tez edirəm.

Dizaynerlər mənim yaralı yerimdir. Bu adamların vaxtla bağlı hər zaman problemləri var. Deadlinedən qabağ işi təhvil verən dizayneri nəhayət ki, tapmışam və onun mənim komandamda olması qürurvericidir.

PicMusun qapıları iş bilənlərə hər zaman açıqdır.

Bu yaxınlarda leyblımızın növbəti artistinin albomu işıq üzü görəcək.

H.O.S.T – hava od su torpaq həm fiziki həm də mənəvi mövcud idi. Hal-hazıda isə qrup fiziki olaraq fəaliyyətini dayandırıb. Bu yəqin ki, hadisələrin məntiqi ardıcıllığı idi. Lakin rəqəmsal daşıyıcıların hamsından bizim bütün mahnılar shift+delete basılıb silinməyənəcən biz var olacağıq. Bəyəm Nizami və ya Füzuli ölüb deyə, onlara yoxdular deyirik?

Özüm barədə deyim ki, H.O.S.T mənimçün hər zaman qürur mənbəyi olub. Biz hər şeyi dişimizlə dırnağımızla qurmuşduq. İndi fiziki olaraq fəaliyyətdə olmayan qrup sizinçün ölmüş ola bilər. Amma qələm yazdıqca mənim mətnlərimdə H.O.S.T-un ətrini duyacaqsınız. Düşünürəm ki, digər uşaqların mətnlərində də.

Biz Bir nəsilin düşüncə tərzinə təsir edə bildik. Bu kiçik bir şey deyil!

Mənim serialda yüksək qonorarla çəkilməm kimisə narahat edirsə onda həmin adam gedib öz üzərində ən az mənim qədər çalışsın və baxsın görək onu çəkəcəklərmi seriala. Çəkəcəklərsə mənə verilən qonorarı ona verəcəklərmi?

Mən hər zaman elə etmişəm ki, heç kəs inciməsin. Ancaq hansısa sözüm kiminsə xətrinə dəyirsə demək ki o buna layiqdir. Özündən razılıq kimi səslənə bilər amma bu həqiqətdir ki, Sumqayıt repində hələ ki, pik məndədir. Bu “mən bir nömrəyəm” demək deyil. Bu at yarışı deyil. Sadəcə olaraq etdiyi işlərin həcminə görə ağırlıq məndədir.

Masonluq və satanistlik barədə ittiham olunmaqdan yorulmuşam bəs siz bu ittihamlardan yorulmamısınız? Allah qüvvət versin! Davam edin!

Mən də hər kəsə bol-bol uğur arzu edirəm. Var olun! Sevməyi bacardıqca, xoşbəxtliyə və başqa hisslərə bolluca yer yaranacaq həyatınızda. Allah amanında!

PRoMete

Mənbə: www.RapRock.az

12 комментариев

  1. Ceyhun Rzayev 14/02/2015 at 23:54

    Respect!

  2. Efsane 27/10/2012 at 21:56

    mence ela cvblar idi.ister şexsi heyatında isterse de karyeranda sene ugurlar.bu arada tebrik edirem.xoşbext olasan.

  3. NR_ 26/10/2012 at 17:16

    cavab terzi maraqli idi 🙂 cox sagolusun,heyatinda ugurlar :))) HOSTla bagli sozleri meni sevindirdi ve eminemki shift+delede basilmayacaq..ugurlar )))

  4. vusale 25/10/2012 at 18:04

    cavaba gore tesekkurler METE)))

  5. Esmeralda Hostka 25/10/2012 at 15:13

    Twk Mete. Tam Meteye ve HOSTcuya yaraşan cavablar idi.

  6. Gunka Hosted x-eva 25/10/2012 at 08:17

    Super cavablardi. Ugurlar PROMETE!!! Super cavablardi. Ugurlar PROMETE!!!.

  7. Gunka Hosted x-eva 25/10/2012 at 08:04

    Super Promete cox maraglidi))UQURLAR SENE)) H.O.S.T HEC VAXT YADDAWLARDAN SILINMEYECEK!!!! Love <3 H.O.S.T<3.

  8. Azad HOSTed 24/10/2012 at 10:25

    sagol Mete cavablandirdigin ucun tesekkur edirik

  9. HostlanDiyaLi-oGlaN 24/10/2012 at 07:14

    ProMeTe Bezi suallar cavabsiz qaldi , amma yenede tewekkur… Sene ugURLaR…)

  10. A-zade tutu 24/10/2012 at 01:55

    Mete chox saol .Beli HOST fiziki dagila biler Menen hemishe qelblerde yashayacaq. emmmasi suallarimizin yarisi cvbsiz qaldi )olsun heleliikk

  11. Hemayil 23/10/2012 at 23:19

    twkler PRoMete seneeeee ugurlar 🙂

  12. Shahla 23/10/2012 at 23:09

    Beli,H.O.S.T. hemishe var olacaq!Hetta fiziki olaraq tamamile bitse bele!H.O.S.T. hemishe bizim qelbimizde qalacaq!Saqol Mete! SP de de H.O.S.T.un etrini duyacaqimizdan eminem!Umid edirem ki,o 100 albomdan biri de menim payima dushhecek INSHALLAH.

Leave A Response